15 saylı Yasamal birinci seçki dairəsinin 3 saylı məntəqəsində seçkiləri izləyən müşahidəçilərə məntəqədə olan bəzi şəxslərin kartlar payladığı bildirilir.
Kartlarla bağlı reportyorların suallarına nə həmin şəxslər, nə də məntəqə komissiyasının rəhbərliyindən cavab verilib. Eyni zamanda, həmin məntəqədə reportyorlara maneə yaradıldığı deyilir.
Yanvarın 29-da ölkə üzrə keçirilən bələdiyyə seçkiləri prosesində pozuntuların olduğu bildirilir.
23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd Cəmilə Əlişeva bəzi məntəqələrdə quraşdırılmış vebkameraların görüntülərinə əsaslanaraq 12, 13, 28 və 29 saylı məntəqələrdə eyni adamların səs verdiyini iddia edir.
Dairə seçki komissiyasından "Turan"a namizədin açıqlamasını təkzib ediblər.
15 saylı Yasamal birinci seçki dairəsində 1 və 34 saylı məntəqələrdə barmağa mürəkkəbin vurulub-vurulmadığının yoxlanmadığı deyilir.
Seçki dairə komissiyasından bu məlumatı təkzib ediblər.
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 26 və 28 saylı məntəqələrində bəzi reportyorlara çəkilişə imkan verilmədiyi bildirilir. Üstəlik, 26 saylı məntəqədə müstəqil müşahidəçi Həsən Əsgərov təzyiqlə üzləşdiyini deyir.
Amma həmin məntəqənin sədri Ağamayıl Baxşıyev müşahidəçinin sözlərini yalanlayıb.