Zelenski bildirib ki, ölkəsi müharibəni bitirmək üçün diplomatik yola hazırdır

Volodimir Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkədə təxminən üç ildir davam edən müharibəyə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara gedə bilər. Lakin o, belə bir addımı yalnız Ukraynada sülhün təmin olunmasının yeganə yolu olduğu təqdirdə atacağını vurğulayıb.

Zelenski həmçinin Rusiyaya tətbiq olunmuş sanksiyaların ləğvinə qarşı xəbərdarlıq edib və Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı ehtiyacına cavab olaraq nüvə silahları məsələsini gündəmə gətirib. Ukrayna prezidenti bu fikirləri fevralın 4-də britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibədə səsləndirib.

Müharibənin dayandırılması ilə bağlı danışıqlara toxunan Ukrayna prezidenti Zelenski bildirib: "Əgər insanlar diplomatik yola keçməli olduğumuza inanırlarsa, mən də diplomatik prosesə hazır olduğumuza inanıram, bu danışıqlarda ABŞ, Avropa, Ukrayna və Rusiya iştirak etməlidir".

Putinlə danışıqlar masasında üz-üzə oturarkən keçirəcəyi hisslə bağlı sualı cavablandıran Zelenski: "Əgər bu, Ukrayna vətəndaşlarına sülh gətirə biləcəyimiz və insan itkisinin qarşısını ala biləcəyimiz yeganə formatdırsa, biz mütləq bu formata gedəcəyik. Ona qarşı mehriban olmayacağam, çünki onu düşmən hesab edirəm. Düzünü desəm, düşünürəm ki, o da məni düşmən kimi görür".

"Nüvə raketləri kömək edə bilər"

Müsahibədə Zelenski vurğulayıb ki, Rusiyaya qarşı sanksiyaların yumşaldılması ikinci bir işğal riskini artıracaq.

O, təhlükəsizlik zəmanətləri barədə sualı cavablandırarkən Ukraynanın nüvə silahına sahib olması ilə bağlı fikirlərini də səsləndirib. Zelenski qeyd edib ki, əgər Ukraynanın NATO-ya üzvlük prosesi illərlə, hətta onilliklərlə uzanarsa, ölkənin nüvə silahına malik olması Putinin yeni hücumuna qarşı yetərli təhlükəsizlik təminatı ola bilər.

O, eyni zamanda, vurğulayıb ki, Ukraynanın NATO-ya üzvlüklə bağlı yol xəritəsi hələ də Kiyevin müharibəni dayandırmaq və təhlükəsizlik zəmanətləri əldə etmək üçün üstünlük verdiyi yoldur. Lakin o, nüvə raketləri ilə bağlı məsələni qaldırmağın "tamamilə ədalətli" olduğunu bildirib.

"Onlar bizə elə bir sayda raket verəcəklərmi ki, biz Rusiyanı dayandıra bilək? Buna əmin deyiləm, amma düşünürəm ki, bu (nüvə raketləri), kömək edə bilər. Əks təqdirdə, Rusiyanın nüvə raketlərini hansı raketlər dayandıra bilər?", - Zelenski əlavə edib.

Ukrayna prezidenti Kiyevin döyüş meydanında Rusiya qüvvələrinin qarşısını almaqda çətinlik çəkdiyini də etiraf edib və Ukraynanın Rusiyanın tutduğu əraziləri geri almasının mümkün olmadığını vurğulayıb.

"Təəssüf ki, tərəfdaşlarımızın verdiyi dəstək Putini tam olaraq ərazilərimizdən çıxarmağa kifayət etmir", - Ukrayna dövlət başçısı əlavə edib.