Türkmənistanda yaşlı vətəndaşlar hər il iki dəfə avtoritar hökumətə hələ də sağ olduqlarını və pensiya almaq hüququna malik olduqlarını göstərən sənədləri təqdim etməlidirlər. 2018-ci ildən qüvvədə olan bu tələbə əsasən, vətəndaşlar müvafiq sənədləri vaxtında təqdim etmədikləri təqdirdə pensiya ödənişləri dayandırılır.
Adlarının açıqlanmaması şərti ilə AzadlıqRadiosunun türkmən xidmətinə danışan rəsmilər bildiriblər ki, bu tələbin məqsədi vəfat etmiş şəxslərin qohumlarının onların pensiyalarını plastik kartlar vasitəsilə çıxarmasının qarşısını almaqdır.
AzadlıqRadiosunun türkmən xidmətinə anonimlik şərti ilə danışan Balkanabat şəhər sakininin sözlərinə görə, onun 70 yaşlı anası sənədləri qaydasına salmaqda çətinlik çəkir, çünki hazırkı proses yaşlı vətəndaşdan həkimə və üç dövlət qurumuna getməyi tələb edir. Üstəlik, vətəndaşlar bu idarələrə müəyyən olunmuş ardıcıllıqla müraciət etməlidirlər.
"Anam sahə həkimi ilə əlaqə saxlaya bilməyəndə rayonundakı mənzil idarəsinə gedərək arayış almaq istədi, ancaq ona bildirdilər ki, bu sənədi yalnız həkim öz arayışını verdikdən sonra təqdim edə bilərlər", –qadın bildirib.
Onun sözlərinə görə, bundan sonra anası başqa bir sənəd üçün polisə getməli, daha sonra isə bütün sənədləri regional pensiya fonduna təqdim etməli idi ki, nəhayət, pensiya ödənişləri bərpa olunsun.
Yaşlılara yer olmayan ölkə
Aylıq pensiya ödənişini təsdiqlətmək bir məsələdirsə, onu nağd şəkildə əldə etmək tamamilə başqa bir problemdir.
Türkmənistanda hökumətin açıq şəkildə etiraf etmədiyi ciddi nağd pul böhranı yaşanır. Nəticədə pensiyaçılar plastik kartlarında görünən virtual balansı real pula çevirərkən ciddi çətinliklərlə üzləşirlər.
Türkmənistanda xarici valyutanın alınması 2016-cı ildən rəsmi olaraq qadağan edilsə də, sonrakı illərdə milli valyuta çatışmazlığı özünü göstərməyə başlayıb.
Ölkənin şərqində yerləşən Türkmənabad şəhərində bir pensiyaçı AzadlıqRadiosuna bildirib ki, yaxın zamanda bankomatdan çəkdiyi 600 manatın 200 manatı köhnə və cırıq əsginaslardan olub. Onun sözlərinə görə, bu əsginasları nə mağazalar, nə də bazar satıcıları qəbul edir.
Türkmənistan Bankı məsuliyyəti üzərindən ataraq əsginasların onların bankomatından çıxarıldığını sübut edən videogörüntü tələb edib.
Türkmənistanda faktiki olaraq ikili məzənnə sistemi mövcuddur. Hökumətin rəsmi məzənnəsi 1 dollar üçün 3.5 manat olsa da, bu göstərici reallıqdan uzaqdır. Qara bazarda məzənnə 1 dollar üçün təxminən 20 manata yaxındır.
Son 10 ildə Türkmənistanda alıcılıq qabiliyyəti kəskin azalıb. Bunun əsas səbəbi ölkənin, demək olar ki, tamamilə karbohidrogen satışından asılı olması və iqtisadi idarəetmə problemləridir.
Ölkədə rəsmi minimum pensiya aylıq 550 manat təşkil edir ki, bu da qara bazar məzənnəsi ilə təxminən 27.50 dollara bərabərdir.