Jurnalist Şəmşad Ağa saxlanıb

Şəmşad Ağa

Fevralın 4-dən 5-nə keçən gecə arqument.az saytın baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) saxlanıb.

Jurnalistin yaxınları deyir ki, gecə saat 2-də onun Bakı şəhərində yaşadığı evdə axtarış aparılıb: "Şəmşadın köhnə telefonunu, kompüteri, modemi, jurnalist vəsiqələrini götürüblər".

Vəkil Şəhla Hümbətova bildirib ki, Ş.Ağa "MeydanTV işi" üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.

Hələlik, onun saxlanması xəbərinə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

"MeydanTV işi" üzrə ötən il dekabrın 6-da altı jurnalist - Aynur Elgünəş, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova, Natiq Cavadlı və Ramin Cəbrayılzadə (Deko) saxlanılıb. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.