Azərbaycanda beynəlxalq terror təşkilatları ilə əlaqəli radikal dini-ekstremist qruplaşmanın zərərsizləşdirildiyi bildirilir.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyi (DİN) fevralın 3-də birgə məlumat yayıblar.
Açıqlamada iddia edilir ki, əməliyyat-istintaq tədbirləri ilə əvvəllər "Meşə qardaşları" adlı terror qruplaşmasında iştirak ittihamı ilə məhkum olunan şəxsin başqa şəxslərlə birlikdə Qusar rayonunda terror aktları hazırlamaları, yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat ilə təchiz etmələri təsbit olunub.
Vurğulandığına görə, qruplaşma üzvlərindən biri Qusar şəhərində gizləndiyi ünvanda xüsusi təyinatlı əməkdaşlara silahlı müqavimət göstərərək iki "RGO-78" əl qumbarası atıb, nəticədə xüsusitəyinatlılardan biri yaralanıb, həmin şəxs isə "zərərsizləşdirilib".
Habelə iddia edilir ki, Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizlənən qanunsuz silahlı birləşmənin dörd üzvü silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən həlak olublar: "Aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər..., iki "Kalaşnikov" avtomatı, üç ov tüfəngi, patronlar və avtomat güllələri... müəyyən edilərək götürülüb".
Həmçinin bildirilir ki, görülmüş təxirəsalınmaz tədbirlərlə qruplaşma üzvü olan daha üç şəxs "silahlı müqavimət göstərərkən zərərsizləşdirilib".
Məlumata görə, ümumilikdə altı şəxs Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik,... zəminində terrorçuluğa hazırlıq) və digər maddələrlə ittiham edilərək həbs ediliblər.
Hələlik, rəsmi açıqlamaya haqlarında bəhs edilən həlak olan və tutulan şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.