Ölkədə son günlər çörəyin bahalaşdığı deyilir. Sosial şəbəkələrdə yazılır ki, çörəyin qiymətlərində 5-10 qəpik artım var.
Şikayətlərə görə, Azərbaycanda "zavod çörəyi" kimi tanınan çörəyin üstündə çəki barədə məlumat tapmaq çətindir. Yəni, bir çox hallarda bu növ çörəyin üstündə çəki barədə məlumat yazılmır. Ayrı-ayrı sexlərin təndirxanalarında bişən çörəklə də bağlı alıcıya çox vaxt qiymətdən başqa heç bir məlumat verilmir.
"Özümlə tərəzi gəzdirməyəcəm ki..."
İndi bir çox istehlakçı hesab edir ki, çörəyin qiyməti qalxıb.
"Yeni növ çörək söhbətini bəhanə gətirib başqa çörəyin qiymətini qaldıranlar da olacaq. Mən nə bilim bu, 600 qramlıq çörəkdir, yoxsa 500 qramlıq? Özümlə tərəzi gəzdirməyəcəm ki...", -Yaqut Məmmədova deyir.
Onun sözlərinə görə, çörəyin qiyməti qalxmayanda da çəkidə azalma olur: "Əvvəlki illərdə 800 qramlıq çörəyi sonra 500 qram ediblər. Qiymət də 30-40 qəpikdən 50 qəpiyə qalxdı".
Ölkədə unun qiymətində dəyişiklik yoxdur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, yanvarın 30-dan etibarən ölkədə 50 kiloqramlıq unun son topdansatış qiymətləri 20-28 manat arasında dəyişir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycanda yerli buğda istehsalı illik 1.2-1.3 milyon ton təşkil edir. Bu da ölkənin tələbatını ödəmir.
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana un və çörək istehsalı üçün 205.4 milyon dollar dəyərində 948.8 min ton yumşaq buğda idxal edib. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz və ya 41.9 milyon dollar azdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycana idxal edilən 1 ton buğdanın orta qiyməti 368 manat təşkil edib.
Zavod: "Çörək bahalaşmayıb"
"Nur" çörək zavodundan isə "Turan"a bildirilib ki, çörək bahalaşmayıb və 510 qramlıq çörəklər yenə də 55 qəpiyə satılır: "Biz fevralın 1-dən bazara yeni, 620 qram çəkidə çörək çıxartmışıq. Onun çəkisi daha çox olduğu üçün qiyməti 65 qəpik müəyyənləşib".
Zavoddan yeni çeşid çörəyin bazara çıxarılmasının səbəbi fərqli çəkidə çörəklərə tələbat ilə izah edilir: "Bazarda daha artıq çəkidə çörəyə tələbat var deyə, biz yeni çeşid məhsul istehsalına başlamışıq".
Müəssisədən vurğulanıb ki, ən çox tələbat məhz "zavod çörəyi"nədir. Çəki məsələsinə gəldikdə, bildirilib ki, çörəklərin çəkisi standartlara uyğundur.
"Kilosu 6-10 manata satılan çörəklər də var"
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, un istehsalının artımı qiymətlərin tənzimlənməsində ciddi rol oynamalıdır: "Amma burada ciddi problemlər var. Biz çörəyin istehsalı üçün istifadə olunan buğdanın ancaq 25-26 faizini özümüz təmin edirik. Yerdə qalan buğda ilə bağlı idxaldan asılı vəziyyətdəyik".
O qeyd edib ki, Azərbaycanda çörəyin qiymətini dövlət tənzimləməsə də, çəkisi və keyfiyyəti ilə bağlı kifayət qədər normativ hüquqi aktlar mövcuddur: "Burada da, yəni çəki normaları ilə bağlı çox sərt qanunvericilik qaydaları yoxdur. Amma istehsalçılar çörəyin keyfiyyətinin və çəkisinin standartlara uyğunluğu ilə bağlı öncədən aidiyyəti orqanlardan sertifikat almalıdır. Burada isə artıq problemlər yaranır".
N.Cəfərli vurğulayır ki, çörəyin keyfiyyətinin və çəkisinin normalara uyğun olmadığına görə ciddi cəzalar nəzərdə tutulmayıb: "Bu da nəticə etibarilə problemlərə gətirib çıxarır. Əgər qaimədə onun çəkisi, qiyməti yazılıbsa və orada real çəkisi ilə ciddi fərq varsa, bu, istehlakçıların hüquqlarının pozulmasıdır. Bu da cinayət işinin açılmasına gətirib çıxara bilər".