Ötən ilin oktyabrında rusiyalı deputat Sergey Mironov hər il Rusiyaya gedən milyonlarla özbəklə bağlı viza məhdudiyyətləri qoymağı təklif etmişdi. Bu təklif Özbəkistanda narazılıq yaratmışdı.
Bəs Mironovun bu təhdidinin səbəbi nə idi? Kazan şəhərindəki Özbəkistan konsulluğunun xəbərdarlığı. Konsulluq yaydığı xəbərdarlıqda Özbəkistan vətəndaşlarını xarici müharibələrə qatılmaqdan çəkinməyə çağırmış və bu qanunu pozanların 10 ilə qədər həbslə cəzalandırılacağını xatırlatmışdı.
Lakin Özbəkistan məhkəmələrinin son qərarları göstərir ki, Rusiya tərəfdə döyüşən vətəndaşlar öz ölkələrində 10 illik həbs cəzasından daha azına ümid edə bilərlər.
Həmçinin, Özbəkistanın qonşusu Qırğızıstan da keçən il Moskvanın təzyiqi ilə həbsdəki Rusiya hərbçisi ilə bağlı qərarından geri çəkilmişdi. Kremlin çağırışlarına qoşulmamaq üçün nəzərdə tutulan hüquqi maneələr bu ölkələrdə üç il bundan əvvəlki kimi güclü deyil.
Qırğızıstan presedentləri
Qırğızıstan, Tacikistan və Özbəkistan vətəndaşları xüsusilə Kreml tərəfindən müharibəyə cəlb edilirlər. Rusiya əmək bazarında çalışan miqrantların böyük qismi bu ölkələrdəndir.
2023-cü ilin mayında Qırğızıstan vətəndaşı Askar Kubanıçbek-uulu Rusiya ordusuna qoşulduğu üçün doğma ölkəsində 10 illik həbs cəzasına məhkum edilib. Qırğızıstanın xarici müharibələrə qatılmağı qadağan edən qanunu var və müvafiq qanunu pozan şəxslər 15 ilədək həbs ilə cəzalandırıla bilər.
Rusiya rəsmiləri bu qərardan narazılıqlarını gizlətməyiblər. 2023-cü ilin yayında Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanov bildirib ki, əgər Bişkek Askar Kubanıçbek-uulunu sərbəst buraxmasa, Moskva "Qırğızıstan hakimiyyətinin açıq şəkildə qeyri-dost hərəkətlərinə cavab olaraq bütün mümkün təzyiq mexanizmlərini istifadə edəcək". 2024-cü ilin yanvarında Kubanıçbek-uulu azadlığa buraxılıb, onun həbsi 3 il sınaq müddəti olmaqla 7 illik şərti cəza ilə əvəzlənib.
Qırğızıstanın probasiya xidmətinin əməkdaşları Ali Məhkəmədən lazım olan sənədləri almadıqlarını iddia ediblər və aprelin sonunda Kubanıçbek-uulu Rusiyaya gedərək yeni hərbi müqavilə imzalayıb və Rusiya pasportunu alıb.
İyulda prezidentin amnistiyası çərçivəsində Qırğızıstan Rusiya üçün döyüşmüş başqa bir vətəndaşı – Beknazar Boruqul-uulu da azadlığa buraxıb. Rusiya həbsxanasında keçmiş məhbus olmuş Boruqul-uulu "Vaqner" qruplaşması tərəfindən döyüşlərə cəlb edilmişdi. O, Qırğızıstanda bir ildən az müddətdə həbsdə olub.
"Satış kampaniyası"
Qırğızıstan vətəndaşlarının bu məsələləri açıq şəkildə müzakirə edilsə də, müharibədə iştiraklarına görə cəzalandırılan Özbəkistan vətəndaşlarının adları məlum deyil. Rusiyanın təzyiqinin bu prosesdə nə qədər rol oynadığı da aydın deyil.
Keçən il, cənub-şərqdəki Qaşqadərya vilayətində məhkəmə yerli sakini Ukraynada Rusiya tərəfdə döyüşdüyü üçün 6 il həbsə məhkum edib. Həmin şəxs məhkumluğunu cəza koloniyasında çəkməli idi.
Məhkəmədə bildirilib ki, təqsirləndirilən şəxs cəbhədə yalnız bir neçə gün olduqdan sonra bir pilotsuz uçuş aparatının partlayışı nəticəsində yaralanıb və Rusiyada xəstəxanada müalicə olunmasına icazə verilib. Sonradan o, Özbəkistana qayıdaraq cinayətini etiraf edib.
Bu ay həmin 6 illik həbs cəzası apellyasiya məhkəməsinin hakimi tərəfindən 6 illik şərti cəza ilə əvəz olunub. Təqsirləndirilən şəxsin vəkilləri apellyasiya ərizələrində onun xərçəng diaqnozunu irəli sürüblər. Ancaq bu, Özbəkistanın cəza hüququnda hər zaman məhkumun cəzadan azad edilməsi üçün əsas sayılmır.
Keçən ilin ikinci yarısında AzadlıqRadiosunun özbək xidmətinin müşahidələrinə görə, ən azı dörd başqa özbək vətəndaşı Ukraynada Rusiya tərəfdə döyüşdükləri üçün həbs olunmadan cəzalandırılıblar. Bu şəxslərdən biri Andijan şəhərindəki məhkəmədə dinləmələr zamanı cəbhədə 10-dan çox Ukrayna əsgərini öldürdüyünü etiraf edib. O, bu müharibədə iştirak üçün təxminən 4 min 500 ABŞ dolları məbləğində maaş vəd olunduğunu və ailəsindəki üç uşaqla təkbaşına dolandığını bildirib. Məhkəmə qərarına əsasən, o, 4 il 2 ay şərti cəza alıb.
Özbəkistanlı jurnalist Muxrim Azamxojayev bunu "satış kampaniyası" ilə müqayisə edib: ""Rusiya ordusuna qoşul, Ukraynaya qarşı döyüş, qazandığın pulla Özbəkistanda xoşbəxt yaşa" kimi bir satış kampaniyasına bənzəyir".