Keçid linkləri

2025, 05 Fevral, çərşənbə, Bakı vaxtı 02:48

Tramp maliyyə yardımına qarşılıq olaraq Ukraynadan nadir metallar istəyir


Zelenski, Tramp və Putin
Zelenski, Tramp və Putin

Fevralın 3-də ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Ukraynadan Birləşmiş Ştatların maliyyə dəstəyinə qarşılıq olaraq nadir torpaq metalları almağı təklif edir.

Ağ evdə jurnalistlərə açıqlama verən Tramp "Biz Ukraynaya onların çox dəyərli nadir metallara malik olduğunu bildiririk. Biz Ukrayna ilə bir razılaşma əldə etməyi planlaşdırırıq ki, onlar verdiyimizin qarşılığında bizi nadir torpaq metalları və digər mallar ilə təmin etsinlər", - deyə bildirib.

ABŞ prezidentinin sözlərinə görə, Ukrayna bunda maraqlı olduğunu daha əvvəl ifadə edib və əlavə edib ki, o, Vaşinqtonun Ukraynanın müharibə səylərinə verdiyi 300 milyard dollar dəstəyinə qarşılıq olaraq "bərabərlik" istəyir.

Bir neçə nadir torpaq metalı, nikel və litium da daxil olmaqla, 50-dək mineral ABŞ iqtisadiyyatı və milli müdafiəsi üçün kritik hesab olunur. Ukraynada iri uran, litium və titan yataqları var.

3 fevral

Tramp Ukrayna və Rusiya ilə danışıqların 'kifayət qədər yaxşı' getdiyini deyir

ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiya ilə danışıqların "kifayət qədər yaxşı" getdiyini, onun xüsusi elçisi isə itkiləri və dağıntıları dayandırmaq üçün münaqişə tərəflərinin güzəştlərə getməli olacağını bildirib.

"Biz Ukrayna və Rusiya ilə məşğuluq. Bizim müxtəlif tərəflərlə, o cümlədən Ukrayna və Rusiya ilə planlaşdırılmış görüşlərimiz və danışıqlarımız var. Düşünürəm ki, bu müzakirələr əslində kifayət qədər yaxşı gedir", - Tramp fevralın 2-də jurnalistlərə deyib. O, görüşlər və ya danışıqlar barədə təfərrüata varmayıb.

Kit Kelloq
Kit Kelloq

Bu açıqlamadan bir neçə saat əvvəl isə Trampın Ukrayna və Rusiya üzrə xüsusi elçisi Kit Kelloq bildirib ki, müharibənin həlli ilə bağlı danışıqlar aparmaq istəyirlərsə, Kiyev və Moskva güzəştə getməlidir.

Kelloqun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski artıq ərazi məsələsində mövqeyini yumşaldacağını bildirib.

"[Rusiya Prezidenti Vladimir] Putin də öz mövqeyini yumşaltmalı olacaq. Zamanla hamı ilə müzakirələr aparacağıq və, yəqin ki, bu yaxın zamanda baş verəcək. Bu, hər iki tərəf üçün faydalıdır", - o əlavə edib.

Zelenski indiyə qədər Rusiyaya ərazi güzəştləri tələb edən istənilən razılaşmanı rədd edib. Rusiya hazırda Ukraynanın cənub-şərqinin böyük hissəsini və Krım yarımadasını nəzarətində saxlayır.

Bu ərazilərin bir qismi 2014-cü ildəki işğal zamanı, qalan hissəsi isə Rusiyanın 2022-ci ilin fevralında başladığı genişmiqyaslı işğalçı müharibədən sonra ələ keçirilib.

Bununla belə, Rusiya qüvvələrindən həm silah, həm də canlı qüvvə baxımından geri qalan Ukrayna son aylarda döyüş meydanında artan itkilərlə üzləşib. Bu da Zelenskiyə müvəqqəti də olsa, ərazi itkisinə qarşı sərt mövqeyini yumşaltmaq üçün təzyiqlərin artmasına səbəb olub.

ABŞ-nin Kiyevə hərbi yardımının gələcəyi də qeyri-müəyyəndir. Prezidentliyi dövründə Tramp göstərilən yardımın miqdarını tənqid edib. Kelloqun sözlərinə görə, əvvəlki administrasiya Kiyevə 174 milyard dollar dəyərində yardım edib.

Tramp müharibəni tez bir zamanda bitirəcəyinə söz versə də, tərəfləri bir araya gətirmək üçün mümkün planları barədə hələ ki heç bir detallı məlumat təqdim etməyib.

Kelloq Trampın Ukraynadakı müharibəni bir neçə ay ərzində bitirmək üçün "güclü" strategiyaya sahib olduğunu bildirib.

Kelloqun bu açıqlaması təxminən üç ildir davam edən Rusiya işğalına son qoymaq üçün pərdəarxası danışıqların və gizli diplomatik təmasların getdiyi bir vaxtda səsləndirilib.

Putin isə, öz növbəsində, yerli mətbuata açıqlamasında Trampı tərifləyib və görüşməyə hazır olduğunu bildirib. Lakin o, eyni zamanda, Zelenski ilə danışıqlar aparmaqdan imtina edib və bu da mümkün danışıqları çətinləşdirə bilər. Putin Zelenskini "qeyri-legitim" adlandırıb və bunu Zelenskinin prezidentlik müddətinin rəsmi olaraq başa çatması ilə əlaqələndirib.

Tramp administrasiyası Ukraynada seçki keçirilməsini istəyir

2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan bəri bu ölkədə hərbi vəziyyət elan olunub və Ukrayna seçkilər keçirməyib. Xüsusi elçi Kelloq "Reuters"ə müsahibəsində bunun Ukrayna Konstitusiyasına uyğun olduğunu desə də, əlavə edib ki, döyüşləri dayandırmaq üçün atəşkəs əldə olunarsa, Vaşinqton bu ilin sonuna qədər Ukraynada seçkilərin keçirilməsini istəyir.

Zelenskinin müşaviri Dmitro Litvin isə fevralın 2-də bildirib ki, onlar hələ Kelloqun müsahibəsini oxumayıblar: "Biz hələ Kelloqun tam müsahibəsini görməmişik, yalnız seçkilərlə bağlı bir neçə sitatını oxumuşuq, buna görə də onun mövqeyini tam qiymətləndirmək çətindir".

"Amma əgər onun planı yalnız atəşkəs və seçkilərdən ibarətdirsə, bu, uğursuz bir plandır. Putin bu iki şeydən qorxmaz", - ukraynalı rəsmi əlavə edib.

Ukrayna atəşkəsdən sonra Rusiyanın qüvvələrini bərpa edib yenidən hücum etməsinin qarşısını almaq üçün uzunmüddətli təhlükəsizlik təminatları, o cümlədən Qərb sülhməramlı qüvvələrinin göndərilməsini istəyir.

XS
SM
MD
LG