Keçid linkləri

2025, 05 Fevral, çərşənbə, Bakı vaxtı 02:40

Netanyahu Ağ evə səfər edir. Trampın Qəzza planı reallaşa bilərmi?


Donald Tramp və Benyamin Netanyahu
Donald Tramp və Benyamin Netanyahu

Bu gün, fevralın 4-də İsrailin baş naziri Benyamin Netanyahu Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşəcək. O, Trampın inauqurasiyasından sonra Ağ evə dəvət olunan ilk xarici liderdir. Bu görüş Qəzza atəşkəsinin həlledici məqamında və ABŞ prezidentinin fələstinli əhalinin Qəzza zolağından çıxarılması ideyası ətrafında davam edən mübahisələr fonunda baş verir.

Görüş İsrail və HƏMAS (ABŞ və Aİ tərəfindən terrorçu təşkilat kimi tanınır) arasında atəşkəs sazişinin ikinci mərhələsi üzrə danışıqların başlanmasına az qalmış bir zamanda baş tutur.

İsrailin keçmiş kəşfiyyat zabiti Avi Melamed AzadlıqRadiosuna bildirib ki, bu görüş müharibənin gedişatına təsir edəcək: "Bu, çox əhəmiyyətli bir görüşdür və böyük ölçüdə müharibənin ümumi gedişatını və gələcək razılaşmanı müəyyən edəcək".

Danışıqlarla bağlı fərziyyələrin artdığı bir vaxtda bəzi analitiklər Trampın Netanyahuya prosesi irəlilətmək və müharibəni yenidən bərpa etməyin qarşısını almaq üçün təzyiq göstərəcəyini düşünür. "Əsas məqsəd vəziyyəti mümkün qədər tez bitirməkdir", - A.Melamed bildirib.

Lakin Netanyahunun Vaşinqtona bu səfəri həm də Trampın Qəzzadakı fələstinlilərin Misir və İordaniyaya köçürülməsi çağırışından cəmi bir neçə gün sonra reallaşır. Trampın sözlərinə görə, Qəzza zolağının "təmizlənməsi" planı həmin insanların nəhayət sülh içində yaşamasına imkan verə bilər.

Netanyahu hökumətindəki bəzi radikallar bu təklifə müsbət baxsa da, ərəb ölkələrində qəzəblə qarşılanıb. Bu mövqe, ümumilikdə, həmin ölkələrdəki ictimai rəyə də uyğun görünür.

"Yaxın Şərqdə bu, mümkün olmayan, arzuolunmaz və qanunsuz kimi qəbul edilir", –Britaniya-Ərəb Anlayışı Şurasının direktoru Kris Doyl AzadlıqRadiosuna bildirib.

Onun sözlərinə görə, bu təklif Misir üçün qəbuledilməzdir: "Bu, təkcə hazırkı prezident Əbdülfəttah əs-Sisi yox, keçmiş prezident Hüsni Mübarək dövründə də Misir üçün qırmızı xətt olub; onlar Qəzzanın Misirə köçürülməsini qəbul etməyiblər".

Artıq İordaniyada bir neçə milyon, Misirdə isə on minlərlə fələstinli yaşayır.

Qəzza zolağında saxlanılan girovların azad edilməsi tələbi ilə Təl-Əvivdə etiraz aksiyası.
Qəzza zolağında saxlanılan girovların azad edilməsi tələbi ilə Təl-Əvivdə etiraz aksiyası.

"Atəşkəs razılaşmasını poza bilər"

Tramp Misir və İordaniyanın ABŞ-nin irimiqyaslı hərbi və maliyyə yardımlarına olan asılılığına eyham vuraraq onları razı salacağına işarə edib.

"Biz onlar üçün çox şey edirik və onlar bunu edəcəklər", - Tramp yanvarın 30-da bildirib.

A.Melamed bildirib ki, ərəb sosial mediasında rəsmi mövqelərə qarşı etirazlar səslənir: "İnsanlar deyir: Qəzzadakı fələstinlilərin geri dönmək üçün heç nəyi yoxdur. Ev yoxdur, xidmətlər yoxdur. Mən özüm və uşaqlarım üçün gələcək istəyirəm, çadır yox, evim olsun istəyirəm".

Ancaq Melamed bu yanaşmanın, hələlik, bir trend olmadığını da etiraf edib.

K.Doyl isə bildirib ki, Trampın açıqlamaları "danışıqların başlaması üçün bir taktika ola bilər, çünki bilirlər ki, onlar 1.5 milyon qaçqını qəbul etməyəcəklər".

"Bəlkə də, o, bu ölkələri simvolik bir say qəbul etməyə razı sala bilər, məsələn, hər birinə 100 min nəfər, ya da başqa bir məsələdə daha çevik olmalarına nail ola bilər", - Doyl əlavə edib.

Başqa israilli müşahidəçilər də Trampın ideyasına ciddi şübhə ilə yanaşırlar.

İsrail ordusunun keçmiş zabiti Zvi Barel Trampın Qəzza təklifi ilə bağlı "Haaretz" xəbər saytında yazdığı məqaləsində bildirib ki, bu təklif Qəzzadakı cari atəşkəsi təhlükəyə sala bilər. Onun fikrincə, bu ideya HƏMAS-ın israilli girovları sərbəst buraxmaqdan imtina etməsinə də səbəb ola bilər: "Əgər Trampın köçürmə ideyası masadadırsa, bu təklifin ləğvi tələbi HƏMAS tərəfindən əsas şərt kimi irəli sürülə bilər ki, bu da razılaşmanın davam etməsi riskini yaradır".

Köçkün fələstinlilər Qəzza zolağının cənubundan şimalına doğru irəliləyirlər.
Köçkün fələstinlilər Qəzza zolağının cənubundan şimalına doğru irəliləyirlər.

Səudiyyə Ərəbistanı və İsrail arasında münasibətlər

Tramp-Netanyahu danışıqlarının digər mümkün bir mövzusu İsrailin Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq perspektivləri olacaq. Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff keçən həftə Ər-Riyadın ardınca İsrailə səfər edib.

"İbrahim razılaşmaları" çərçivəsində İsrailin Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə diplomatik əlaqələr qurmasından sonra belə bir razılaşma olduqca əhəmiyyətli olardı. "İbrahim razılaşmaları" Trampın birinci prezidentlik dövründə əldə edilmişdi.

Lakin 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın İsrailə hücumlarından sonra İsrailin Qəzzada başlatdığı hərbi əməliyyatlar nəticəsində meydana çıxan itkilər və dağıntılar hazırda Səudiyyə Ərəbistanı üçün bu razılaşmanı siyasi baxımdan çətinləşdirir.

Bundan əlavə, Ər-Riyad İsraillə əlaqələrin rəsmi şəkildə qurulmasını Qəzza və İordan çayının Qərb sahilində Fələstin dövlətinin yaranması ilə "iki dövlətli" həll ilə bağlı bir anlaşma ilə əlaqələndirib.

Həftəsonu Səudiyyə Ərəbistanı Misir, İordaniya, Qətər, BƏƏ, Fələstin Dövləti və Ərəb Liqası ilə birgə bəyanat imzalayaraq Qəzza zolağından əhalinin köçürülməsi ideyasını pisləyib.

"İstər məskunlaşma fəaliyyəti, istərsə evindən çıxarılma, torpaqların ilhaqı, ya da torpaqlarının sahiblərindən boşaldılması yolu ilə fələstinlilərin ayrılmaz hüquqlarını pozmağa yönələn istənilən cəhdi rədd edirik", - bəyanatda deyilir.

XS
SM
MD
LG