Rəsmi Pekin ABŞ prezidenti Donald Trampın Çindən gələn mallara əlavə 10 faizlik verginin tətbiq edilməsi qərarına qarşılıq verib.
"The Associated Press" xəbər verir ki, Çinin Ticarət Nazirliyi ABŞ-dən gələn kömür və maye təbii qaz (LNG) məhsullarına 15 faiz, xam neft, kənd təsərrüfatı maşınları və böyük həcmli avtomobillərə isə 10 faizlik tarif tətbiq edəcəyini açıqlayıb. Qeyd olunub ki, yeni tariflər fevralın 10-da qüvvəyə minəcək.
Ticarət Nazirliyinin yaydığı bəyanatda vurğulanıb ki, "ABŞ-nin birtərəfli tarif artımı Ümumdünya Ticarət Təşkilatının qaydalarını ciddi şəkildə pozur. Bu, yalnız öz problemlərini həll etməyə kömək etməməklə yanaşı, Çin ilə ABŞ arasındakı normal iqtisadi və ticarət əməkdaşlığına da zərər verir".
Prezident D.Trampın Çindən idxal olunan mallara 10 faizlik tarifin tətbiq olunması qərarı fevralın 4-dən qüvvəyə minir.
"Reuters"in xəbərinə görə isə, Çin "Alphabet Inc"in (GOOGL.O) "Google" şirkətinin antiinhisar qanunlarını pozması şübhəsi ilə istintaq başlatdığını, "Calvin Klein" də daxil olmaqla bir sıra brendlərin sahibi olan "PVH Corp" və ABŞ-nin biotexnologiya şirkəti "Illumina"nı "etibarsız təşkilatlar" siyahısına daxil etdiyini bildirib.
Çin Ticarət Nazirliyi və Gömrük İdarəsi ayrıca olaraq "milli təhlükəsizlik maraqlarını qorumaq" məqsədilə volfram, tellurium, rutenium, molibden və ruteniumla əlaqəli məhsullar üzərində ixrac nəzarəti tətbiq edəcəyini açıqlayıb. Təmiz enerji keçidi üçün kritik əhəmiyyət daşıyan bu nadir metalların qlobal təchizatında Çinin payı böyükdür.
3 fevral
Tramp Avropanı ticarət tarifləri ilə hədələyir, amerikalıları isə xəbərdar edir
ABŞ prezidenti Donald Tramp yeni tətbiq etdiyi ticarət tarifləri səbəbindən amerikalıların iqtisadi ağrılarla üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
"Bir az ağrı olacaqmı? Bəli, bəlkə (və ya, bəlkə də, yox!)", - Tramp ticarət tariflərinin ABŞ istehlakçılarına təsiri ilə bağlı fevralın 2-də sosial media paylaşımında bildirib.
"Amma... bu, ödənilməli gərəkən qiymətə dəyəcək", - o, əlavə edib.
Tramp jurnalistlərə deyib ki, o, fevralın 3-də Kanadanın və Meksikanın liderləri ilə tariflər barədə danışıqlar aparmağı planlaşdırır. Lakin ABŞ prezidenti tariflərlə bağlı qərarını yenidən nəzərdən keçirəcəyini bildirməyib.
"Mən çox da dramatik nəsə gözləmirəm", - o deyib.
Tramp həmçinin Avropa İttifaqından (Aİ) gələn mallara da mütləq tarif qoyulacağını və bunun çox yaxında reallaşacağını bildirib. O, həmçinin Böyük Britaniyanın da tariflərin hədəfi ola biləcəyini vurğulayıb.
Fevralın 2-də isə Aİ bəyan edib ki, Tramp tariflər tətbiq edərsə, Aİ buna "qətiyyətli" şəkildə cavab verəcək. Avropa Komissiyası, eyni zamanda, ticarət müharibəsinin qarşısını almaq üçün danışıqlar yolu ilə həll tapmağa ümid etdiyini vurğulayıb.
"Avropa İttifaqı ABŞ-nin Kanada, Meksika və Çin üzərində tariflər tətbiq etmə qərarını təəssüf hissi ilə qarşılayır", - Avropa Komissiyasının sözçüsü bildirib.
Tramp bu tariflərin qonşu ölkələrdən ABŞ-yə miqrant və qeyri-qanuni fentanil axını dayandırılana qədər tətbiq olunacağını bildirib. Lakin bu məsələlərin səbəbləri geniş şəkildə müzakirə olunur və bir çox mürəkkəb amilləri əhatə edir.
Tariflərin tətbiqi isə istehlakçılar üçün daha yüksək xərclərə səbəb ola bilər və bütün tərəfdaş ölkələrin iqtisadiyyatlarına mənfi təsir göstərə bilər.
Tramp isə bu tədbirlərin həm də başlıca ticarət tərəfdaşları ilə ticarət kəsirlərini azaltmağa və ABŞ-də sənaye istehsalını stimullaşdırmağa kömək edəcəyinə inanır.
Tramp fevralın 1-də Vaşinqtonun Kanada və Meksikadan bütün mallara 25 faizlik tarif tətbiq edəcəyini bildirib. Əvvəlki tariflərin üzərinə Çin mallarına 10 faizlik rüsum da əlavə edilib.
Tramp bu üç ölkədən gələn mallara vergilərin fevralın 4-dən etibarən qüvvəyə minəcəyini açıqlayıb.
Kanada baş naziri Castin Trüdo da Trampa cavab olaraq ABŞ-dən idxal edilən mallara tariflərin fevralın 4-dən etibarən qüvvəyə minəcəyini bildirib. Kanada ABŞ-dən idxal edilən mallara 25 faizlik tariflər tətbiq etməyi planlaşdırır. Bu da içkilər, kosmetika və kağız məhsullarını əhatə edir. Tarif tətbiq olunacaq malların növbəti siyahısının tezliklə açıqlanması gözlənilir.
"The Associated Press"in məlumatına görə, bu siyahıda sərnişin avtomobilləri, yük maşınları, polad və alüminium məhsulları, bəzi meyvə və tərəvəzlər, mal əti, donuz əti, süd məhsulları, aerokosmik məhsullar da yer alacaq.